Nikahın pozulması
Qeydiyyat şöbəsində nikahın pozulması qaydası
MƏLUMAT
Ər və ya arvad nikahın pozulmasına ciddi səbəblər olduğu zaman nikahın pozulması barədə iddia qaldıra bilər.
Nikahın pozulması qeydiyyat şöbəsində və ya məhkəmə qərarı ilə həyata keçirilir.
Qeydiyyat şöbəsində nikahın pozulması
Ər-arvadın yetkinlik yaşına çatmayan (18 yaşı tamam olmayan) ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında qeydiyyat şöbələrində xitam verilə bilər.
Nikahın pozulması üçün hara müraciət edilir?- Ərlə arvad hər ikisi nikahın pozulmasına razıdırlarsa, ər-arvadın yaşadığı və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yerdə qeydiyyat şöbələrinə (həmçinin asan xidmət mərkəzlərinə) nikahın pozulması haqqında ərizə ilə müraciət edə bilərlər.
Bu zaman hansı sənədlər tələb olunur?
- ər-arvadın nikahın pozulması haqqında birgə razılıq ərizəsi
-ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər
-nikah haqqında şəhadətnamə
-dövlət rüsumunun ödənilməsi barədə qəbz
Qeydiyyat şöbəsində nikahın pozulması zamanı dövlət rüsumunun məbləği nə qədərdir?
20 manat
Qeydiyyat şöbələrində nikahın pozulması necə həyata keçirilir?
Ərlə arvad hər ikisi nikahın pozulmasına razı olduqda, onlar qeydiyyat orqanına nikahın pozulması barədə ərizə təqdim edirlər. Ərizəyə şəxsiyyəti təsdiq edən sənədlər, nikah haqqında şəhadətnamə, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilir. Ərizədə yetkinlik yaşına çatmayan uşaqlarının olub-olmadığını göstərməlidirlər.
Nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra həyata keçirilir.
Ər arvaddan biri qeydiyyat şöbəsinə gəlməkdən imtina etdikdə nə etmək olar?
Ər-arvadın razılığı olduqda, lakin onlardan biri qeydiyyat şöbəsində nikahın pozulmasından yayındıqda, məsələn ərizə verməkdən imtina edirsə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmirsə və s. hallarda nikahın pozulması üçün məhkəməyə müraciət edilir.
Nikahın pozulması zamanı nikaha xitam verilməsi vaxtı
Nikah qeydiyyat şöbələrində pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən nikaha xitam verilmiş sayılır.
Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni hardan almaq olar?
Nikahın pozulması haqqında şəhadətnaməni nikahın pozulmasını həyata keçirən qeydiyyat şöbəsindən almaq mümkündür.
Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz.
Məhkəmədə nikahın pozulması
MƏLUMAT
Ər-arvadın yetkinlik yaşına çatmayan (18 yaş) ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
Ər-arvadın razılığı olduqda, lakin onlardan qeydiyyat şöbəsində nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.
Nikahın pozulması üçün hara müraciət edilir?-
Mediasiya təşkilatına və məhkəməyə
Nikahın pozulması ailə mübahisəsi olduğu üçün qanuna əsasən mütləq mediasiyadan keçməlidir.
Mediasiya prosesi necə başlayır?
Mediasiya prosesi qarşı tərəfə Təklifin göndərilməsi ilə başlayır.
- TƏKLİF
Təklif yazılı şəkildə tərtib olunur. Təklifdə qarşı tərəfə öz tələblərinizi bildirirsiniz. Təklif nümunəsini aşağıdakı linkdən əldə edə bilərsiniz
http://mediasiya.gov.az/qanunvericilik/mediasiya-surasinin-senedleri
- İlkin mediasiyanın keçirilməsi üçün ərizə ilə mediatora müraciət
Təklifi göndərdikdən 10 gün keçdikdən sonra Ərizə ilə mediatora (mediasiya təşkilatına) müraciət edilir.
Ərizədə nəzərdə tutulan bütün məlumatlar doldurulur.
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
1) təklifi göndərdiyiniz zaman poçt qəbzinin surəti;
2) təklifin surəti.
Ərizəni imzalayıb poçt vasitəsilə seçdiyiniz mediasiya təşkilatına göndərirsiz.
Ərizə nümunəsini aşağıdakı linkdən əldə edə bilərsiniz
https://mediation.az/ilkin-mediasiya-sessiyasi-ucun-erize/
Qeyd: mediasiya təşkilatına ərizənizi (əlavə edilən sənədlərlə birlikdə) emailiniz vasitəsilə də göndərə bilərsiniz.
Mediasiya təşkilatında mediasiya prosesi necə başlayır?
Mediasiya prosesinə dəvət
İlkin mediasiyanın keçirilməsi üçün Ərizəniz mediasiya təşkilatına çatdıqdan sonra sizin və qarşı tərəfin əlaqə üçün qoyduğunuz mobil nömrələrinizə mediasiya prosesinin vaxtı və yeri barədə bildiriş gəlir.
Bildirişdə qeyd edilən tarixdə mediasiya prosesində iştirak edirsiz. Mediator mediasiya prosesinin nəticəsinə uyğun olaraq sizə sənəd təqdim edir. Bu mediasiya prosesininin yekununa dair arayış və s. ola bilər.
İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği nə qədərdir
50 manat
Məhkəmədə nikahın pozulması
Məhkəmədə nikahın pozulması necə həyata keçirilir?
Bu zaman hansı sənədlər tələb olunur?
- iddia ərizəsi;
- iddiaçı və cavabdehin şəxsiyyət vəsiqələrinin surətləri;
- nikah haqqında şəhadətnamənin əsli;
- uşağın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
- mediasiya prosesində iştirak edilməsi barədə arayış;
- dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Məhkəmədə nikahın pozulması zamanı dövlət rüsumunun məbləği nə qədərdir?
100 manat
Nikahın pozulması barədə iddialar hansı məhkəməyə verilir?
Nikahın pozulması barədə iddialar adətən cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
ANCAQ
MPM-nin 36.3-cü və 36.5-ci maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar, həmçinin nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə də verilə bilər.
Məhkəmədə nikahın pozulması necə həyata keçirilir?
Hakim iddia ərizəsini icraata götürdükdən sonra 5 gün müddətində iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən şəxslərə göndərilməsini və ya rəsmi qaydada verilməsini təmin edir.
Nikahın pozulması barədə iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra 40 (qırx) gündən gec olmayaraq Məhkəmənin hazırlıq iclası keçirilir. Sonrakı müddətdə işin xüsusiyyətlərindən asılı olaraq daha bir neçə hazırlıq iclası keçirilə bilər. Sonrakı iclaslar məhkəmə baxış iclasları adlanır.
Məhkəmə işdə iştirak edən şəxslərə hazırlıq iclası barədə həmin iclasın keçirilməsinə ən azı 5 (beş) iş günü qalmış məlumat verir.
Məhkəmə ərizə məhkəməyə daxil olduğu vaxtdan 4 ay müddətində nikahın pozulmasına dair qətnamə çıxarır.
Məhkəmədə nikahın pozulması zamanı nikaha xitam verilməsi vaxtı
Nikahın pozulması barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.
Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz.