Sual və cavab

Suallar və cavablar

Sual 1: Məhkəməyə 2000 manat borcun ödənilməsi tələbinə dair iddia ilə müraciət etmişəm. Bu yaxınlarda isə həmin borc mənə qaytarılıb. İndi mən nə etməliyəm?

Cavab: Hazırlıq iclasında iddia ərizəsinin qaytarılması barədə vəsatət verə və ya iddiadan imtina edə bilərsiniz.

Sual 2: Kiçik iddia nədir?

Cavab: Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) hesab olunur.

Sual 3: Məhkəməyə nikahın pozulması tələbi ilə müraciət etmişəm. Məhkəmənin iclasında iştirak edə bilməmişəm.  Ərizəmi isə məhkəmə baxılmamış saxlayıb. Bu halda mən nə etməliyəm?

Cavab: Siz məhkəmə iclasında  iştirak etməməyiniz və bu haqda məhkəməyə məlumat verməməyinizin üzürlü səbəblərdən baş verməsi haqqında vəsatətlə məhkəməyə müraciət edə bilərsiz. İşinizə yenidən baxılacaqdır.

Sual 4: Nikahın pozulması, uşağın valideynin yanında qalması və aliment iddia tələbi ilə məhkəməyə müraciət etmək istəyirəm. Dövlət rüsumu nə qədərdir?

Cavab: İddianız qiymətləndirilməyən iddia qrupuna aid olduğu üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respubilkasının Qanunu 8.1.6-cı maddəsinə əsasən 100 manat məbləğində dövlət rusumu ödəniləcək.

Sual 5: Qeydiyyatım rayonadır, ancaq Bakı şəhərində yaşayıram. Deyirlər ki, olduğum yer üzrə qeydiyyata düşməsəm cərimə olunacam. Doğrudurmu?

Cavab: Bəli,  yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməyə görə qanunla xəbərdarlıq və ya otuz manat məbləğində cərimə nəzərdə tutulub.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 10-cu maddəsinə əsasən, Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə əsasən, Vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə- xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.

Sua7:Xarici pasportum yoxdur. Hansısa xarici ölkəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etmək mümkünmü?

Cavab: Bəli. Türkiyəyə tək şəxsiyyət vəsiqəsi ilə səyahət etmək mümkündür.

10 dekabr 2020-ci il tarixində Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında imzalanan şəxsiyyət vəsiqəsi ilə səyahət protokoluna əsasən 1 aprel 2021-ci il tarixindən etibarən iki ölkə vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqəsi ilə digərinin ölkəsinə 90 gün müdətlik vizasız turistik səyahət edə bilirlər.

Sual 8: Hansı hüquqi mübahisələr mütləq mediasiya prosesindən keçməlidir?

Cavab: Ailə və əmək mübahisələri. Yuxarıda qeyd edilən hüquq mübahisələri mediasiya prosesindən keçməsələr məhkəmələr tərəfindən baxılmağa qəbul edilməyəcək.

Mediasiya haqqında Qanunun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

Sual 9: 1 uşağa görə 193 manat məbləğində aliment alıram. 2023-cü ildə nə qədər aliment ala biləcəm?

Cavab: 2023-cü il yanvar ayının 1-dən etibarən Azərbaycanda alimentin minimum miqdarı 193 manatdan 220 manata qaldırılıb. 

"Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Sual 10: Uşağımı xaricə aparmaq istəyirəm, atası (və ya anası) icazə vermir. Nə etməliyəm?

Cavab: Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər.

Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.