Adın, ata adının və soyadın dəyişdirilməsi qaydası
Adını, ata adını və soyadını dəyişdirmək hüququ olan şəxslər kimlərdir?
Azərbaycan Respublikasının vətəndaşları 18 yaşına çatdıqdan sonra öz adını, ata adını və soyadını yalnız bir dəfə dəyişdirə bilər.
Hansı hallarda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir?
Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir.
Adın, ata adının və soyadın dəyişdirilməsi üçün hara müraciət etmək olar?
Adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın yaşadığı yer üzrə rayon və şəhər qeydiyyat şöbələrinə, ASAN xidmət mərkəzlərinə və Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına ƏRİZƏ ilə müraciət etmək olar.
Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə hansı sənədlər əlavə edilir?
- ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə;
- ərizə verən şəxs nikahdadırsa, nikahı haqqında şəhadtnamə;
- ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
- ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
- şəxsiyyətini təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
- ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
- ərizə verən şəxsin3x4 sm ölçüdə 2 ədəd fotoşəkli;
- dövlət rüsumunun ödənilməsinə dair sənəd.
Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınmasına görə dövlət rüsumunun məbləği nə qədərdir?
Rayon və şəhər qeydiyyat şöbələri, ASAN xidmət mərkəzlərində 15 manat.
Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında 20 dollar.
Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması üçün elektron müraciət mümkünmü?
Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması üçün elektron ərizə ilə müraciət etmək mümkündür. Bunun üçün Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşən Dövlət xidmətləri bölməsinə daxil olmaq lazımdır: www.justice.gov.az >Dövlət xidmətləri>Vətəndaşlıq vəziyyəti>Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması
Ad, ata adı, soyad dəyişdirildiyi halda hansı sənəd verilir?
Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən adın, ata adının, soyadın dəyişdirilməsinə dair müvafiq şəhadətnamə verilir.
Şəhadətnamələrin xaricdə istifadə edilməsi məqsədilə hazırlanması və ona apostilin verilməsi üçün hara müraciət edə bilərik?
-Bakı şəhəri 1 saylı notariat ofisi;
-bütün ASAN xidmət mərkəzlərində fəaliyyət göstərən notariat ofisləri.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamə və arayışlara apostil verilməsi üçün elektron ərizə ilə müraciət etmək mümkündür. Bunun üçün Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşən Dövlət xidmətləri bölməsinə daxil olmaq lazımdır: www.justice.gov.az >Dövlət xidmətləri>Vətəndaşlıq vəziyyəti>Apostil üçün ərizə.
Hazırladı: vəkil Əhmədli Ləman
Əlaqə: 0506606824