Uşaqların ölkədən getməsinə digər valideynin icazəsi olmalıdırmı?
Kimlər uşaq sayılır?
18 yaşına çatmamış (yetkinlik yaşına çatmayan) şəxslər uşaq sayılır.
Uşaq ölkədən valideynlərin biri ilə getdikdə digər valideyn icazə verməlidirmi?
Bəli, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.
Uşaq ölkədən tək getdikdə kimlərin razılığı olmalıdır?
Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.
Əgər uşaq valideynlərin biri ilə getdikdə digər valideyn notarial qaydada təsdiq edilmiş razılıq vermirsə, bu zaman nə etmək olar?
Digər valideynin notarial qaydada təsdiq edilmiş razılığı olmadıqda, uşağın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə bağlı məhkəməyə müraciət qaydası necədir?
Məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirakları tələb olunur. Mediasiyadan sonra uşağın ölkədən getməsinə icazənin verilməsi ilə bağlı məhkəməyə müraciət edilir.
Hazırladı: vəkil Əhmədli Ləman
Əlaqə: 0506606824
İstinad mənbə: Miqrasiya Məcəlləsi, Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu