Aliment məbləğini azaltmaq mümkünmü?
Alimentin miqdarının dəyişdirilməsi hüququ Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edilmişdir.
Belə ki məhkəmənin müəyyən etdiyi alimentin miqdarı tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
Ailə vəziyyətində dəyişikliklər dedikdə nə başa düşülür?- Aliment ödəyən şəxsin yenidən ailə həyatı qurması, yeni nikahdan uşaqların dünyaya gəlməsi, digər uşaqlara da aliment ödəməsi, saxlamalı olduğu digər şəxslərin olması və s.
Maddi vəziyyətindəki dəyişikliklər dedikdə nə başa düşülür?-Aliment ödəyən şəxsin işdən çıxarılması, pensiya yaşına çatması, əmək haqqının dəyişməsi, maddi imkanlarının azalması və s.
Alimentin məbləğini azaltmaq üçün hara müraciət edilir?
Alimentin məbləğini azaltmaq üçün əvvəlcə mediasiya təşkilatına, daha sonra müvafiq məhkəməyə müraciət edilir.
Alimentin miqdarının azaldılması barədə işlərə baxarkən məhkəmə hansı məsələləri müəyyənləşdirir?
Məhkəmə işə baxarkən tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliklərin olub- olmamasını müəyyənləşdirməlidir.
Alimentin miqdarının azaldılması üçün müraciət zamanı məhkəməyə hansı sübutlar təqdim olunmalıdır?
Məsələn, əgər yeni nikaha daxil olmusunuzsa və bu nikahdan övladınız dünyaya gəlibsə, onda nikah haqqında şəhadətnaməni və həmin yeni nikahdan olan uşağınızın doğum haqqında şəhadətnaməsinin əslini və ya notarial qaydada təsdiq olunmuş surətini; və ya əmək haqqınızda azalma olmuşdursa, iş yerindən əmək haqqının azalması barədə arayışı təqdim etmək lazımdır. İş yerindən çıxmısınızsa və heç bir yerdə işləmirsinizsə, onda işdən çıxarılma barədə əmrin, əmək kitabçasının və işsizliyə görə qeydiyyata alınma barədə arayışın əslini və ya surətini məhkəməyə vermək lazımdır.
Azaldılmış alimentin tutulması nə vaxtdan hesablanır?
Məhkəmənin müəyyənləşdirdiyi alimentin miqdarı azaldılarkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır.
Hazırladı: vəkil Ləman Əhmədli
Əlaqə: 0506606824
İstinad Mənbə: Ailə Məcəlləsi