Məhkəmə hansı hallarda işə baxmır?

Məhkəmə hansı hallarda işə baxmır?

Bəzi hallarda məhkəmə işə baxmır və ərizənin baxılmamış saxlanması barədə qərar verir.

Gəlin baxaq iddianın baxılmamış saxlanması əsasları hansılardır?

1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə;

2. ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə;

3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda;

4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa;

5. qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; 

6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə;

7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə;

8. qanuna, digər normativ hüquqi akta və müqaviləyə əsasən bank və kredit müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka, yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə;

9. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə;

10. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə;

11. ərizə bu Mülki Prosessual Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən verildikdə;

12. eləcə də bu dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmadıqda və ya;

13.  iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda.

14. ailə, əmək və kommersiya mübahisələri üzrə mediasiyaya müraciət edilməsinə dair sənədlər iddiaya əlavə edilmədikdə (bu sənədlərə misal olaraq, mediasiyada iştirak edilməməsi barədə arayış və s. ola bilər)

Məhkəmə iddia ərizəsini baxılmamış saxladıqda nə edir?

İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır.

İşin baxılmamış saxlanması haqqında qərardadda nələr göstərilir?

Qərardadda bu Məcəllənin işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Həmçinin, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər.

İddia baxılmamış saxlandıqda yenidən məhkəməyə müraciət etmək mümkünmü?

Bəli. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər.

İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilərmi?

Bəli.

 

 

İstinad mənbə: Mülki Prosessual Məcəllə

 

Hazırladı: vəkil Ləman Əhmədli

Əlaqə: 0506606824