Nikah müqaviləsi nədir?
Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.
Nikah müqaviləsində hansı mülkiyyət rejimləri tətbiq oluna bilər?
Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.
Nikah müqaviləsi ər-arvadın hansı əmlakları barəsində bağlana bilər?
Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.
Nikah müqaviləsində ər-arvad əmlaka dair hansı məsələləri müəyyən edə bilərlər?
Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.
Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilərmi?
Bəli. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər
Nikah müqaviləsində hüquq və vəzifələr hansı müddətlərlə müəyyən oluna bilər?
Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər.
Nikah müqaviləsində hansı müddəalar nəzərdə tutula bilməz?
Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.
Nikah müqaviləsinin bağlanma qaydası
Nikah müqaviləsi nə zaman bağlana bilər?
Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər.
Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nə zaman qüvvəyə minir?
Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.
Nikah müqaviləsi necə bağlanır?
Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.
Nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi
Nikah müqaviləsi nə zaman dəyişdirilə və ya pozula bilər?
Nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt dəyişdirilə və ya pozula bilər.
Nikah müqaviləsi dəyişdirilmə və ya pozulma qaydası necədir?
Nikah müqaviləsi yazılı formada dəyişdirilə və ya pozula bilər. Notariat qaydasında təsdiq olunur.
Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilirmi?
Xeyr.
Hansı halda nikah müqaviləsi məhkəmə qətnaməsi ilə dəyişdirilə və ya pozula bilər?
Ərin (arvadın) tələbinə əsasən məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müqavilələrin dəyişdirilməsi və pozulması üçün nəzərdə tutulmuş əsaslarla və qaydada dəyişdirilə və ya pozula bilər.
Nikah müqaviləsinə nə zaman xitam verilir?
Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir.
Nikah müqaviləsi hansı əsaslarla tamamilə və ya qismən etibarsız hesab edilə bilər?
Nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə əqdlərin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız hesab edilə bilər.
Hansı halda nikah müqaviləsi mübahisələndirilə bilər?
Müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər.
Hazırladı: vəkil Əhmədli Ləman
Əlaqə 0506606824
İstinad mənbə: Ailə Məcəlləsi