Nikahın pozulmasının qeydə alınması qaydası

Nikahın pozulmasının qeydə alınması qaydası

Nikahın pozulmasının qeydə alınması qaydası-Nikahın pozulması haqqında Şəhadətnamə 

Məhkəmə qətnaməsi əsasında

Məhkəmə qətnaməsi əsasında nikahın pozulması bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsində qeydə alınır.

Nikahın pozulması həm ərlə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə qeydə alınır.

Ər-arvadın razılığı əsasında

Yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın razılığı ilə birgə ərizə əsasında nikahın pozulması onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə qeydə qeydiyyat şöbəsində qeydə alına bilər.

Ər-arvadın razılığı əsasında nikahın pozulması ərizə verilən gündən 1 ay keçdikdən sonra ər-arvadın hər ikisinin iştirakı ilə qeydə alınır.

Ər-arvad təyin olunmuş vaxtda nikahın pozulması üçün gəlmədikdə və gəlməməyin səbəbi üzrlü hesab edilmədikdə onların ərizəsi ləğv edilir.

Ər-arvadın gəlməməyinin səbəbi üzürsüz hesab edildikdə, lakin nikahı pozmaq arzusu dəyişmədikdə, onlar nikahın pozulması haqqında qeydiyyat şöbəsinə yeni ərizə verə bilərlər. Qeydiyyat şöbəsi nikahın pozulmasını qeyd etmək üçün yenidən 1 ay müddət təyin edir.

Ərin (arvadın) ərizəsi əsasında

Aşağıdakı hallarda yetkinlik yaşına çatmamış ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması onun yaşadığı yer üzrə qeydiyyat şöbəsində qeydə alınır:

  • ər (arvad) məhkəmə qaydasında xəbərsiz itkin düşmüş hesab edildikdə-digər ərin (arvadın) ərizəsi əsasında;
  • ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə-digər ərin (arvadın) və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş ərin (arvadın) qəyyumunun ərizəsi əsasında.

Göstərilən hallarda nikahın pozulması ərizə verilən gün qeydə alınır.

Nikahın pozulmasının qeydə alınması üçün elektron müraciət

Nikahın pozulmasının dövlət qeydiyyatına alınması üçün elektron ərizə ilə müraciət etmək mümkündür. Bunun üçün Ədliyyə Nazirlyinin rəsmi internet səhifəsində yerləşən Dövlət xidmətləri bölməsinə daxil olmaq lazımdır:

www.justice.gov.az >Dövlət xidmətləri>Vətəndaşlıq vəziyyəti>Nikahın pozulmasının qeydə alınması

Nikahın pozulmasının qeydə alınması üçün təqdim olunan sənədlər:

-Müraciət edənlərin şəxsiyyətini təsdiq edən sənədlər (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, hərbi qulluqçunun şəxsi vəsiqəsi, Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilərin pasportu, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə vəsiqəsi);

-Nikah məhkəmə qətnaməsi əsasında pozulduqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya ondan çıxarış:

-Nikah ər-arvadın razılığı əsasında pozulduqda nikah haqqında şəhadətnamə;

-Nikah ərin (arvadın) ərizəsi əsasında pozulduqda arvadın (ərin) xəbərsiz itkin düşmüş və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qətnaməsi.

Nikahın pozulmasının qeydə alınmasına görə ödənilən dövlət rüsumunun məbləği

Ər-arvadın qarşılıqlı razılığı əsasında-20 manat;

Məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən)- 20 manat;

Şəxs xəbərsiz itkin düşən və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə- 2 manat.

Nikahın pozulması haqqında şəhadətnamə

Nikahın pozulması qeydə alınarkən sizə Nikahın pozulması haqqında şəhadətnamə verilir.

Nikahın pozulması haqqında şəhadətnamənin xaricdə istifadə edilməsi məqsədilə hazırlanması və ona apostilin verilməsi üçün aşağıdakı notariat ofislərinə müraciət edə bilərsiz:

  • Bakı şəhəri 1 saylı notariat ofisi;
  • bütün “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən notariat ofisləri.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamə və arayışlara apostil verilməsi üçün elektron ərizə ilə müraciət etmək mümkündür. Bunun üçün Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşən Dövlət xidmətləri bölməsinə daxil olmaq lazımdır:  

www.justice.gov.az >Dövlət xidmətləri>Vətəndaşlıq vəziyyəti>Apostil üçün ərizə.

Hazırladı: vəkil Ləman Əhmədli

Əlaqə: 0506606824

İstinad mənbə: Ədliyyə Nazirliyinin əyani vəsaitləri