Müraciət etmək hüququ
Müraciət etmək hüququnun həyata keçirilməsi
Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsi→Müraciət etmək hüququ
İnsanlar öz hüquqlarını reallaşdırmaq üçün dövlət orqanlarına müraciət edirlər. Müraciət etmək hüququ Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsində öz əksini tapmışdır:
Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.
Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər.
Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.
Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətlərim tənzimlənməsi və vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir.
Bəs maraqlıdır, Müraciət hüququnu həyata keçirən zaman hüquqlarımızı nə dərəcədə bilirik?
Müraciətlərə qanunla hansı müddətlər ərzində baxılır?
Müraciətin qəbulundan imtinaya edilə bilərmi?
Müraciət barədə mənfi qərar verildikdə nə etmək olar?
Gəlin bu sualları cavablandıraq.
Vətəndaş müraciətlərinə hansı müddət ərzində baxılır?
Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1.-ci maddəsinə əsasən, bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla,vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
Yazılı müraciətləri qəbul etməkdən imtina edə bilərlərmi?
Vətəndaşların müraciətləri haqqında AR Qanununun 7-ci maddəsinin 7.1.-ci bəndinə əsasən, Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır.
Müraciətlərə baxılması zamanı vətəndaşların hansı hüquqları vardır?
Müraciətinə baxılan vətəndaşın aşağıdakı hüquqları vardır:
- müraciətin tam və hərtərəfli araşdırılması üçün əlavə sənəd və materiallar təqdim etmək və ya bu sənədlərin əldə edilməsini (o cümlədən elektron formada) müraciətə baxan subyektdən xahiş etmək;
- müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək;
- təkrar yazılı müraciətə ilkin müraciətə baxılmasının nəticəsi barədə sənədləri əlavə etmək;
- ictimai informasiya və fərdi məlumatların əldə edilməsi məqsədi ilə sorğu vermək;
- müraciətin baxılmasına dair sənədlərin və materialların digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmaması və ya qanunla dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edilməməsi şərti ilə həmin sənəd və materiallarla tanış olmaq;
- müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə, müraciət aidiyyəti üzrə göndərildikdə həmin məktubun qeydiyyat nömrəsi və göndərilmə tarixi barədə məlumat almaq;
- müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq;
- müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək;
- müraciətin məzmununda vətəndaşın ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və ya kommersiya sirri olan sənədlərin və ya məlumatların məxfiliyinin təmin olunmasını tələb etmək.
Müraciət barədə mənfi qərar verildikdə nə etmək olar?
Müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət verə bilərsiniz.
Hazırladı: vəkil Əhmədli Ləman
Əlaqə: 0506606824
İstinad mənbə: Azərbaycan Respublikasının Konstitusiyası, Vətəndaşların müraciətləri haqqında Qanun