Hansı hallarda məhkəmə baxışı qapalı keçirilə bilər?
Məhkəmələrdə işlərə aşkarlıq prinsipi əsasında baxılır.
Dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi səbəbləri istisna olmaqla, bütün məhkəmələrdə işlərə aşkar baxılır.
Nə zaman məhkəmə baxışı qapalı keçirilə bilər?
İşlərə aşkar baxılması demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi baxımından, həmçinin digər xüsusi hallarla əlaqədar ədalət mühakiməsinin maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi qapalı keçirilə bilər.
Hansı məsələlərin qorunması məqsədilə və kimlər məhkəmə baxışının qapalı keçirilməsini tələb edə bilər?
Məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı, həmçinin şəxsi və ailə hәyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilər.
Məhkəmə işə qapalı məhkəmə iclasında baxılması barədə qərardadı necə qəbul edir?
Məhkəmə işə qapalı məhkəmə iclasında baxılması barədə qərardadı işdə iştirak edən şəxsləri ilkin dinlədikdən sonra qəbul edir.
Qapalı məhkəmə baxışında kimlər iştirak edir?
Məhkəmə baxışının qapalı keçirilməsində işdə iştirak edən şəxslər, onların nümayəndələri və vəkilləri iştirak edir. Zərurət yaranarsa, onların şahidləri, ekspertlər, mütəxəssislər və tərcüməçilər çağırılır.
Qapalı məhkəmə baxışı necə aparılır?
Qapalı məhkəmə baxışı mülki məhkəmə icraatının bütün qaydalarına riayət olunmaqla aparılır.
Hazırladı: vəkil Ləman Əhmədli
Əlaqə: 0506606824
İstinad mənbə: Mülki Prosessual Məcəllə