Hansı iddialarda dövlət rüsumu ödənilmir
Kimlər məhkəmədə iddia qaldıran zaman dövlət rüsumundan azaddır?
Dövlət rüsumundan azad iddialar
Dövlət rüsumu haqqında Qanunun 1-ci maddəsinə əsasən, Dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
Bildiyimiz kimi, məhkəməyə iddia verdiyimiz zaman dövlət rüsumu ödənilir. Bəs hansı hallarda dövlət rüsumu ödəmədən məhkəməyə müraciət edə bilərik? Məhkəməyə müraciət zamanı kimlər dövlət rüsumu ödəməkdən azaddırlar?
Dövlət rüsumu haqqında Qanunun 9-cu maddəsinə əsasən, aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar:
- İddiaçılar-əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə ;
- İddiaçılar-aliment alınması barədə iddialar üzrə;
- İddiaçılar-əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə;
- İddiaçılar - müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə;
- İddiaçılar - istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə;
- İddiaçılar - zərərçəkənə və ya onun ailə üzvlərinə ödənilmiş müavinət və ya pensiya məbləğinin zərər vurandan tutulması barədə reqres iddialar üzrə - sosial sığorta orqanları və əhalinin sosial müdafiə mərkəzləri;
- İddiaçılar - sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları;
- Tərəflər - itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə verilən ərizə üzrə
- Tərəflər - inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə;
- Tərəflər - təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə;
- Büdcə təşkilatları, bələdiyyələr - məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə;
- Yetkinlik yaşına çatmayanlar - öz hüquqlarının müdafiəsi barədə ərizələr üzrə;
- İşdə iştirak edən şəxslər - iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə;
- Tərəflər - qiyabi icraat qaydasında qəbul edilmiş qərarlara yenidən baxılması haqqında birinci instansiya məhkəmələrinə verilən ərizələr üzrə;
- Şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər - məhkəmədə verilən iddialar üzrə
- Tələbkar - Hüquqi şəxsin təqsiri üzündən icra sənədi üzrə borcludan tutulmalı olan məbləğin tutulmamasına görə ona qarşı iddialar üzrə;
- Tələbkar - İcra üzrə icraat zamanı borclunun və ya onun əmlakının tapılması ilə əlaqədar elan olunmuş axtarış üzrə xərcləri ödəməkdən borclu imtina etdikdə və ya yayındıqda, tələbkar tərəfindən çəkilmiş xərclərin əvəzinin ödənilməsi barədə iddialar üzrə;
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir
Məhkəmə aktlarının surəti işdə iştirak edən şəxslərə dövlət rüsumu alınmadan verilir. Məhkəmə aktları takrarən verildikdə dövlət rüsumu alınır.
Məhkəmədə təkrar verilmiş iddialar üzrə dövlət rüsumu yenidən ümumi qaydada alınır.
İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Hazırladı: vəkil Əhmədli Ləman
Əlaqə: 0506606824
İstinad mənbə: Dövlət rüsumu haqqında Qanun