Məhkəmə işlərində Barışıq Sazişi

Məhkəmə işlərində Barışıq Sazişi

Məhkəmə işlərində Barışıq Sazişi

Barışıq Sazişinin əhəmiyyəti

Mülki işlərin həlli zamanı məhkəmə prosesində hakim tərəfləri barışığa dəvət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur.

Əgər məhkəmə sizə məhkəmə mübahisəsini barışıq sazişi ilə tamamlamağı təklif edirsə, bu təklifə müsbət yanaşa və işinizi barışıqla yekunlaşdıra bilərsiz. Qanun sizə belə bir hüquq verir.

Əgər məhkəmədə işinizə baxılırsa və siz qarşı tərəflə barışmaq qərarına gəlmisinizsə o zaman aşağıdakı məlumatlar faydalı olacaq.  

Barışıq sazişini kimlər bağlayır və bu zaman mediasiyaya müraciət mümkünmü?

Barışıq sazişini tərəflər bağlayır. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər

Hansı hallarda məhkəmə barışıq sazişini qəbul etmir?

Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. (MPM 52.5)

Barışıq sazişi bağlandığı zaman məhkəmə xərcləri necə bölüşdürülür?

Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. (MPM 122.3)

Barışıq sazişi məhkəməyə hansı formada təqdim oluna bilər?

Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrdə  ifadə oluna bilər.

Barışıq sazişi bağlanan zaman məhkəmə tərəfindən edilən hərəkətlər hansılardır?

  • Tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir
  • Barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır
  • Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
  • Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

Barışıq sazişi bağlandığı zaman  iş üzrə icraata xitam verilməsi nə deməkdir?

İş üzrə icraata xitam verilməsi həmin işin artıq yekunlaşması deməkdir. Yəni siz artıq həmin iş üzrə məsələni barışıqla bitirirsiz.

Barışıq sazişi bağlandığı zaman eyni məsələ ilə bağlı eyni tərəfi məhkəməyə vermək mümkünmü?

Xeyr. Barışıq sazişi bağlandığı zaman iş üzrə icraata xitam verilir və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

Barışıq sazişi nə zaman icra olunur?

Tərəflərin barışıq sazişini təsdiq edilməsi barədə məhkəmə qərardadından şikayət edilmədikdə, həmin qərardad qanuni qüvvəyə minir və icra olunur.

Hazırladı: vəkil Əhmədli Ləman

Əlaqə: 0506606824

İstinad mənbə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi