İddiaçı və Cavabdeh kimlərdir?
Mülki işlərdə tərəflər - İddiaçı və Cavabdeh
Mülki məhkəmə prosesində tərəflər kimlərdir?
Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər.
İddiaçı kimdir?
Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış şəxslər iddiaçıdırlar.
Fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər.
Cavabdeh kimdir?
İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
Tərəflərin aşağıdakı hüquqları vardır:
İşin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.
Həmçinin, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar.
Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar.
Məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrinin izahı haqqında bildiriş göndərir
Məsələn, Azər və Tağı arasında 23 sentyabr 2020-ci il tarixində 6 ay müddətinə borcun qaytarılması şərtilə 20000 manat məbləğində borc müqaviləsi bağlanıb. Borc verən Azər, Borc alan isə Tağıdır. Müqavilə bağlandığı tarixdən 6 ay keçdikdən sonra Tağı müxtəlif bəhanələr gətirərək borcu qaytarmamışdır. Azər borcun ödənilməsi tələbi ilə Tağını məhkəməyə vermək qərarına gəlmişdir. Bu misalda Azər- İddiaçı, Cavabdeh isə Tağı olacaq.
Hazırladı: vəkil Ləman Əhmədli
Əlaqə: 0506606824
İstinad mənbə: Mülki Prosessual Məcəllə