VƏRƏSƏLİKDƏ MƏCBURİ PAY nədir?
VƏRƏSƏLİKDƏ MƏCBURİ PAY HÜQUQU ANLAYIŞI
Vərəsəlik nədir?
Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür.
Vərəsəlik münasibətləri hansı əsaslar üzrə yaranır?
- Qanun üzrə vərəsəlik- Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə; Və yaxud
- Vəsiyyət üzrə vərəsəlik-miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi).
Qanun üzrə vərəsəlik nədir?
Qanun üzrə vərəsəlik ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsidir.
Qanun üzrə vərəsəlik nə zaman yaranır?
1 Miras qoyan vəsiyyətnamə qoymur, yaxud
2 vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi).
Vəsiyyətnamə ilə vərəsəlik nə zaman yaranır?
Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoyduğu zaman vəsiyyət üzrə vərəsəlik yaranır.
Vəsiyyət dedikdə nə başa düşülür?
Vəsiyyət - yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin ölməsi halı üçün öz əmlakının və ya onun bir hissəsinin həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoyulması barədə öz iradəsinin yazılı formada ifadəsidir.
ANCAQ
Mülki qanunvericiliyə əsasən vəsiyyət etmə hüququnun sosial ədalət baxımından hədləri (sərhədləri) vardır. Yəni ki, miras qoyan öz vəsiyyətnaməsində istədiyi şəxsi vərəsəsi kimi göstərə bilər, ancaq qanun deyir ki, vəsiyyətnamədə kimin vərəsə kimi göstərilməsindən asılı olmayaraq, ər (arvad), uşaqlar və valideynlər həmin mirasdan məcburi paya malikdilər. Daha sadə dillə izah etsək, bu o deməkdir ki, miras qoyan vəsiyyətnamədə öz ailəsindən kənar olan adamları vərəsəsi kimi elan etsə də, miras qoyanın ailə üzvlərinin- arvadı(əri), uşaqları və valideynlərinin həmin mirasdan məcburi pay hüquqları vardır.
MİRASDAN MƏCBURİ PAY HÜQUQU OLAN ŞƏXSLƏR kimlərdir?
Vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)
Vəsiyyət edənin iradəsini (və ya vəsiyyət azadlığını) məhdudlaşdıran Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Deməli, vəsiyyət edən vəsiyyətnamə ilə bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz.
Məcburi pay hüququ olan şəxslər mirasdan nə qədər pay ala bilərlər?
Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
Məsələn, qanun üzrə uşağa 100000 manat pul vəsaiti miras qalıb. Ata isə vəsiyyətnamədə 100000 manat pulu öz uşaqlıq dostu Arifə miras qoyub. Bu halda uşağın mirasdan məcburi pay hüququna əsasən, uşaq 50000 manat pul vəsaitini miras kimi qəbul edə bilir, yəni ki ona çatası payın yarısını.
Vərəsələri Məcburi pay hüququndan məhrum etmək mümkünmü?
Bəli, ancaq məhkəməyə müraciət etmək yolu ilə
Mülki qanunvericilik, mülkiyyətçiyə hələ öz sağlığında məhkəməyə müraciət edərək vərəsəni və ya bütövlükdə vərəsələri məcburi pay almaq hüququndan məhrum etməsinə icazə verir (Mülki Məcəllənin 1203.2-ci maddəsi).
Məcburi pay hüququndan məhrum etmə hansı hallarda mümkündür?
Məcburi pay hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Mülki Məcəllənin 1203.1-ci maddəsi. Miras qoyan öz sağlığında, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan halları iddia ərizəsində göstərməklə məhkəməyə təqdim edərək, məhkəmə qərarı vasitəsi ilə vərəsələri məcburi pay almaq hüququndan məhrum edə bilər.
Hazırladı: vəkil Ləman Əhmədli
Əlaqə: 0506606824
İstinad mənbə: Azərbaycan Respublikasının Mülki Məcəlləsi