Məhkəmə işləri niyə uzun çəkir?

Məhkəmə işləri niyə uzun çəkir?

Mənim işimə məhkəmə nə qədər müddətdə baxacaq?

Mülki işlərə məhkəmədə baxılma müddəti

Məhkəmədə işlərə baxılan zaman insanları maraqlandıran məsələlərdən biri də, işə nə qədər müddət ərzində baxılmasıdır. Verilən suallar “mənim işimə məhkəmə nə qədər müddətdə baxacaq?”, “işim niyə bu qədər çox uzanır, niyə qərar qəbul edilmir?”, “məhkəmə işimi niyə təxirə saldı?”, “işimin bu qədər uzun çəkməsi normaldımı?”, “işin tez yekunlaşması üçün nə edə bilərik” və s. formalarda olur. İlk növbədə onu nəzərinizə çatdırmaq istəyirəm ki, məhkəmə prosesi asan və qısamüddətli proses deyil. Əgər işin məhkəmədə uğurlu şəkildə həll olunmasını istəyirsinizsə, ilk növbədə səbrli və ümidli olmaq lazımdır. Mülki işlərə baxılması və həll edilməsinin müddətləri Mülki Prossesual Məcəllə ilə müəyyən edilir.

I instansiya (ilkin) məhkəmə prosesində işlərə baxılması və həll edilməsinin müddətləri necədir?

İşə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır:

  • işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay;
  • ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay;
  • digər mübahisələrə dair işlərə - 4 ay müddətində.

İşdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər.

Həmçinin, ayrı-ayrı kateqoriya işlərə baxılması və onların həllinə dair qətnamə və ya qərardad çıxarılması üçün qısaldılmış müddətlər müəyyən edilə bilər.

Apellyasiya şikayətinin verilməsi və apellyasiya məhkəməsində işlərə baxılması müddətləri necədir?

Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 

Qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir.

Kassasiya şikayətinin verilməsi və Ali Məhkəmədə işlərə baxılması müddətləri necədir?

Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən kassasiya şikayəti - qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır.

Məsələn,  məhkəməyə “borcun tələbi barədə iddia” ilə müraciət edilib. İşə birinci instansiya məhkəməsində baxılıb qətnamə qəbul edilmiş, daha sonra iş üzrə apellyasiya və kassasiya şikayətləri verilmişdir. Bu iş üzrə məhkəmə prosesi nə qədər müddət davam edə bilər?

-İşə I instansiya (ilkin) məhkəməsində baxılması müddəti-4 ay.

-Qətnamədən apellyasiya şikayəti verilməsi müddəti- 1 ay

-Apellyasiyada şikayətinə baxılma müddəti-3 ay

-Apellyasiya qətnaməsindən kassasiya şikayətinin verilməsi müddəti- 2 ay

-Kassasiya şikayətinə baxılması müddəti-3 ay.

  • Müddətləri toplayaraq sadə riyazi hesablama apardıqda görürük ki, işinizə baxılması müddəti 1 il 1 ay çəkə bilər.

Hazırladı: vəkil Əhmədli Ləman

Əlaqə: 0506606824

İstinad mənbə: Mülki prosessual Məcəllə