Mənəvi zərər
Mənəvi zərər dedikdə nə başa düşülür?
Hüquqlarınızın pozulması nəticəsində sizə maddi zərərlə yanaşı, mənəvi zərər də vurulmuşsa maddi zərərlə bir yerdə mənəvi zərərin ödənilməsini də tələb edə bilərsiniz.
Bunun üçün ilk öncə mənəvi zərərin nə olduğunu bilmək lazımdır.
Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.
Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.
Mənəvi zərər:
“Mənəvi zərər” dedikdə, insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi başa düşülə bilər.
Mənəvi sarsıntı:
Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması başa düşülür.
İztirab:
İztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
Mənəvi zərərin vurulmasına misal kimi aşağıdakıları göstərə bilərik:
- şəxsin yaxın qohumları və ya iş yerini itirməsi
- şəxsin fəal ictimai həyat tərzindən məhrum olması
- şəxsi, ailə və tibbi sirlərinin açıqlanması
- şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi
- hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması
- sağlamlığına xəsarət yetirilməsi və s.
Fiziki şəxslər mənəvi zərərin ödənilməsini tələb edə bilər:
- Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir.
Hüquqi şəxslər isə ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilərlər:
- Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər.
Hazırladı: vəkil Əhmədli Ləman
Əlaqə: 0506606824
Informasiyanın hazırlanması zamanı istinad olunan mənbələr:
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddəsinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 3 noyabr 2008-ci il tarixli Qərarı