İddia nə zaman uğurlu olur?
İddianın hüquqi və faktiki əsası
Mülki iddianın uğurlu olması üçün onun hüquqi və faktiki əsasları olmalıdır. Hüquqi əsas dedikdə, iddiaçının qanuna və digər normativ-hüquqi aktlara, hüquq normasına istinad etməsi başa düşülür. Bu iddianın hüquqi əsasını təşkil edir.
Faktiki əsasa isə, iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.
Mülki Məcəllənin 21.2.-ci maddəsinə əsasən, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Mülki Prosessual Məcəllənin 77.1.-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu o deməkdir ki, əgər iddiada “zərər”in ödənilməsi tələbi qoyulursa, bu halda MPM-nin 77.1-ci maddəsinin tələblərinə əsasən, hüququ pozulmuş şəxs ona dəyən zərəri sübut etməlidir.
MPM-nin 76.1.-ci maddəsinə əsasən, Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yenə həmin məcəllənin 76.2.-ci maddəsinə əsasən, Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
Yekun nəticə: İddiada istənilən tələb qoyula və məhkəmədə müdafiə edilə bilər. Ancaq qanun deyir ki, iddianın uğurlu olması üçün hüquqi və faktiki əsasları olmalıdır.
Hazırladı:
vəkil Ləman Əhmədli
Əlaqə: 050 660 68 24