Apellyasiya şikayətinin verilməsi müddətini ötürdükdə nə etməli?

Apellyasiya şikayətinin verilməsi müddətini ötürdükdə nə etməli?

Apellyasiya şikayətinin verilməsi müddətini ötürdükdə nə etməli?

Yuxarı instansiya məhkəmələrindən biri də apellyasiya məhkəməsidir. Hansı ki, bu məhkəmədə işlərə kollegial tərkibdə, yəni bir neçə hakim tərəfindən baxılır və qərar qəbul edilir. Apellyasiya məhkəməsinə müraciət dedikdə, apellyasiya şikayətinin verilməsi başa düşülür. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarından razı qalmadığınız və apellyasiya şikayətiniz üçün kifayət qədər dəlilləriniz olduğunuz halda verilir. Ancaq bu şikayətin verilməsinin də öz qaydası vardır. Həmin qaydalara düzgün riayət edilmədikdə şikayətiniz məhkəmə tərəfindən baxılmır və sizə geri qaytarılır. Bu şikayətin verilməsi zamanı mühüm məsələlərdən birincisi apellyasiya şikayətinin vaxtında verilməsidir.

Apellyasiya şikayətinin verilməsi müddəti

Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunun tələbinə əsasən, məhkəmə qətnaməsini rəsmi qaydada aldığınız gündən 1 ay vaxtınız var ki, apellyasiya şikayəti verəsiz. Əks halda apellyasiya şikayətini vermək müddətini keçirmiş oluruq.  Göründüyü kimi həmin müddətə riayət etmək qanunun tələbindən irəli gəlir. Amma bəzən, həmin müddət bizdən asılı olmayan səbəblərdən dolayı ötürülür.

Apellyasiya şikayətini vermək üçün qanunla tələb olunan müddəti ötürdükdə nə etməli?

Tutaq ki, bizdən asılı olmayan üzürlü səbəblərdən dolayı apellyasiya şikayətinin verilməsi müddətini ötürmüşük, ancaq apellyasiya şikayəti vermək istəyirik.

Bu zaman çox gecikmədən apellyasiya şikayətini və ona əlavə edilmiş müddət bərpa barədə ərizəmizi birinci instansiya məhkəməsinə təqdim etməliyik.

  • Çıxış yolu Müddət bərpa barədə ərizə

Buraxılmış müddətin bərpası haqqındakı ərizə hazırlanır. Müddət bərpa haqqında ərizə birinci instansiya məhkəməsinə təqdim edilir. Bu ərizədə apellyasiya şikayətini nəyə görə vaxtında verə bilmədiyimizi əsaslandırmalıyıq. Ərizədə müddətin buraxılmasına dair üzürlü səbəblər mütləq göstərilməlidir.

Müddət bərpa barədə ərizəyə baxan məhkəmə nə edir?

Müddətin bərpası haqqında ərizə verməklə eyni zamanda apellyasiya şikayətini də məhkəməyə təqdim etməlisiniz.  Müddətin bərpası haqqında ərizələrə baxan birinci instansiya məhkəməsi aşağıdakı 2 qərardan birini qəbul edir:

1 Müddətin bərpası haqqında ərizənin təmin edilməsi

Ərizənizə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında baxılır və işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Çünki məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, ərizənizi təmin edərək müddəti bərpa edir və apellyasiya şikayətiniz məhkəməyə göndərilir.

VƏ YA

2 Müddətin bərpası haqqında ərizənin təmin edilməməsi

Əgər məhkəmə, ərizəçinin qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti üzürlü səbəbdən buraxdığına dair gətirdiyi dəlillərin inandırıcı olmaması qənaətinə gələrsə, bu zaman, müddətin bərpasından imtina barədə qərardad çıxarır.  Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.

VƏKİL MƏSLƏHƏTİ: Məhkəmə  işlərinizinin uğurlu olmasını istəyirsinizdə qanuni müddətlərə riayət etməkdə fayda vardır. Əgər müddətlər barədə məlumatınızın yoxdursa araşdırın ya da vəkilinizlə məsləhətləşin. Çünki qanunla nəzərdə tutulan müddətləri gecikdirməklə məhkəməyə müraciət etdikdə, məhkəmədə müdafiə olunmaq hüquqlarınızdan məhrum ola bilərsiniz. Şikayətin verilməsi müddəti buraxılsa da, qanun bizə çıxış yolu kimi müddət bərpa barədə ərizədən istifadə edə biləcəyimizi göstərir. Ancaq müddət bərpa ərizələrinin heç də hamısının təmin olunacağı anlamına gəlmir. Nəticədə isə, vaxt ötürməklə verilmiş apellyasiya şikayətinizə baxılmır. Ona görə də həm işin uğurlu olması, həm də məhkəmədə müdafiə olunmaq hüquqlarının həyata keçirilməsi üçün  vaxtında hərəkət etmək lazımdır.

Müəllif: vəkil Əhmədli Ləman

Əlaqə: 0506606824

İstinad mənbə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi