MƏHKƏMƏ İCLASINDAKI QAYDALARI BİLİRİKMİ?
Məhkəmə iclasında qaydalar
Məhkəmə iclasında özümü necə aparmalıyam?
Qaydalar pozulan zaman sizi nə gözləyir?
MƏHKƏMƏ İCLASINDA QAYDALAR
İşdə iştirak edən şəxslər, prosesin digər iştirakçıları və məhkəmə iclası zalında olan bütün şəxslər sədrlik edənin (hakimin) müəyyən etdiyi qaydaya və tapşırıqlara riayət etməyə borcludur.
Sual 1: Hakim iclas zalına daxil olduğu zaman nə etməliyik?
Cavab: Məhkəmə (hakim) iclas zalına daxil olduqda məhkəmə iclası katibi “məhkəmə gəlir” elan edir və məhkəmə iclasında iştirak edənlərin hamısı ayağa qalxır. İclas zalında olan bütün şəxslər məhkəmə qətnaməsini və ya iş qətnamə çıxarılmadan qurtardıqda məhkəmə qərardadlarını ayaq üstə duraraq dinləyirlər.
Sual 2: Hakimə necə müraciət etməliyik?
Cavab: Prosesdə iştirak edən şəxslər hakimə “möhtərəm hakim” sözləri ilə müraciət edir, ifadə və izahat verərkən ayaq üstə dayanırlar. Bu qaydadan kənara çıxmağa yalnız hakimin icazəsi ilə yol verilə bilər.
Sual 3: Məhkəmə iclasında işə hansı şəraitdə baxılır?
Cavab: İşə məhkəmənin normal işləməsini və proses iştirakçılarının təhlükəsizliyini təmin edən şəraitdə baxılır. Bu şəraitin təmin edilməsi üçün zəruri hallarda işə icra məmurları cəlb edilir.
Sual 4: Məhkəmə iclası başlayıb, yadıma düşüb ki məhkəməyə təqdim etməli olduğum sənədləri maşında unutmuşam, nə etməliyəm?
Cavab: Qaydaya görə məhkəmə iclası başlanandan sonra sədrlik edənin razılığı olmadan məhkəmə iclası zalına daxil olmaq və oradan çıxmaq olmaz. Bu halda, hakimdən icazə alaraq iclası zalını tərk edə bilərsiz.
Sual 5: Məhkəmə iclasında kompüterdən istifadə edə bilərəmmi?
Cavab: İşdə iştirak edən şəxslərin və açıq məhkəmə iclasında olan şəxslərin məhkəmə iclası zalında əyləşdikləri yerdən məhkəmə baxışının gedişini yazılı formada, həmçinin məhkəmənin icazəsi ilə kompyuterdən istifadə etməklə istifadə etməklə qeydə almaq hüququ vardır.
Sual 6: Məhkəmə iclasında qeydlərin səsyazan vasitələrdən istifadə etməklə aparılmasına, habelə kino və fotoçəkilişə, videoyazıya, canlı yayıma icazə verilirmi?
Məhkəmə iclasında qeydlərin səsyazan vasitələrdən istifadə etməklə aparılmasına, habelə kino və fotoçəkilişə, videoyazıya, canlı yayıma (o cümlədən, mobil rabitə vasitələri ilə) işdə iştirak edən şəxslərin rəyi nəzərə alınmaqla məhkəmənin icazəsi ilə yol verilir. Göstərilən hərəkətlər məhkəmə baxışının normal gedişinə mane olmamalıdır və vaxtla məhdudlaşdırıla bilər.
Sual 7: Məhkəmə iclasının audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması və iclasın real vaxt rejimində müşahidə edilməsi imkanı, habelə proses iştirakçılarının iclasa gəlmədən texniki vasitələrdən istifadə olunmaqla iclasda iştirak etmək imkanı necə təmin olunur?
Məhkəmə iclasının audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması və iclasın real vaxt rejimində müşahidə edilməsi imkanı, habelə proses iştirakçılarının iclasa gəlmədən texniki vasitələrdən istifadə olunmaqla iclasda iştirak etmək imkanı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təmin olunur.
Məhkəmə iclasında qaydanı pozan şəxslər haqqında görülən tədbirlər
Sual 8: Məhkəmə iclasına gecikən zaman hakim nə edə bilər?
Cavab: Məhkəmə iclasına vaxtında gəlməyən və yaxud məhkəmə iclasında qaydanı pozan şəxslərə sədrlik edən məhkəmənin adından xəbərdarlıq edir. Qaydanı təkrar pozan şəxs sədrlik edənin qərardadı ilə məhkəmə iclası zalından çıxarılır.
Sual 9: Məhkəmə iclasında qaydanı kobud surətdə pozan və ya məhkəməyə açıq surətdə hörmətsizlik edən şəxslər barəsində hansı tədbirlər görülür?
Cavab: Sədrlik edən məhkəmə iclasında qaydanı kobud surətdə pozan və ya məhkəməyə açıq surətdə hörmətsizlik edən şəxslər barəsində qərardad çıxararaq, onları beş yüz manatadək cərimə etməyə və yaxud 3 saatdan 24 saata kimi tutmağa haqlıdır.
Sual 10: Məhkəmə iclasında cinayət törədildikdə hansı tədbirlər görülür?
Cavab: Məhkəmə iclasında qaydanı pozan şəxsin əməlində cinayət tərkibi olarsa, hakim onun barəsində cinayət işi başlamaq üçün materialları müvafiq orqanlara göndərir.
Yuxarıda qeyd edilənlərdən əlavə olaraq qeyd edim ki, məhkəməyə hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur
Cinayət Məcəllənin 289-cu maddəsi ilə məhkəməyə hörmətsizlik etmə cinayət kimi müəyyən edilmişdir. Həmin maddəyə görə, Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə—beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər hakim barəsində törədildikdə—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sual 11: Məhkəmə iclasında olan şəxslər tərəfindən qaydalar kütləvi şəkildə, yəni bir neçə şəxs tərəfindən pozulduqda hansı tədbirlər görülür?
Məhkəmə iclasında olan şəxslər tərəfindən qaydalar kütləvi şəkildə pozulduqda, hakim işdə iştirak etməyən bütün şəxsləri məhkəmə iclası zalından çıxara bilər.
Sual 12: İşdə iştirak edən şəxs tərəfindən qaydalar təkrar pozulduqda hakimin gördüyü tədbirlər?
Cavab: İşdə iştirak edən şəxs tərəfindən qaydalar təkrar pozulduqda, onlar məhkəmənin qərardadı ilə məhkəmə baxışının bütün müddətində və yaxud bir hissəsində məhkəmə iclası zalından çıxarıla bilər. Yenidən məhkəmə iclası zalına buraxılan şəxs onun iştirakı olmadan həyata keçirilən prosessual hərəkətlərlə tanış ola bilər.
Hazırladı: vəkil Əhmədli Ləman
Əlaqə: 0506606824
İstinad mənbə: Mülki Prosessual Məcəllə