Yaşayış sahəsindən istifadə (yaşamaq) hüququnun tanınması

Yaşayış sahəsindən istifadə (yaşamaq) hüququnun tanınması

Nikahın pozulması zamanı yaşayış sahəsindən istifadə (yaşamaq) hüququnun həyata keçirilməsi

Nikahın pozulması zamanı tərəflər arasında yaranan mübahisələrdən biri də gəlinin qaynatanın ya da qaynanının evinə istifadə (yaşamaq) hüququnun olduğunu tələb etməsidir. Yaşayış sahəsindən istifadə (yaşamaq) hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl aşağıdakıları bilməkdə fayda vardır.

Yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (qüvvədə olan və qüvvədən düşmüş) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları ilə tənzimlənir.            

Yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlərdə  nikaha daxil olma vaxtı mühüm rol oynayır. Ona görə ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə qüvvədən düşmüş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilir.

Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilir.

Yuxarıda qeyd edilənləri daha aydın başa düşülməsi üçün misallara müraciət edək:

2000-ci il sentyabr 1-dək yaranmış münasibətlər

Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tətbiq edildiyi hal

Sual 1: Fəridə və Aqşin 1995-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin ildən onlar Aqşinin anası Gülmiranın mülkiyyətində olan evdə  bir yerdə yaşamışlar. Fəridə və Aqşinin nikahı 2001-ci ildə pozulmuşdur. Boşanmadan sonra Fəridə qaynanası-Gülmiraya məxsus evə yaşayış hüququ əldə etmək üçün məhkəməyə müraciət etmişdir. Bu halda Fəridənin qaynananın evinə belə bir hüququ varmı?

Cavab: Fəridə ilə Aqşin arasında nikah münasibətləri 1995-ci ildə yaranmışdır, buna görə də gəlinin yaşayış hüququ ilə bağlı münasibətlər o zaman qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə  ilə tənzimlənir.

O zaman qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə, Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

2000-ci il sentyabr 1-dən-2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlər:

Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edildiyi hal

Sual 2: Aynur ilə Rəfiq 2003-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin ildən Aynur ilə Rəfiq qaynanası-Cəmilənin mülkiyyətində olan evdə  yaşamışlar. Aynur ilə Rəfiqin nikahı 2008-ci ildə pozulmuşdur. Boşanmadan sonra gəlin-Aynur qaynanaya məxsus evə yaşayış hüququ əldə etmək üçün məhkəməyə müraciət etmişdir. Bu halda gəlinin belə bir hüququ varmı?

Cavab: Aynur ilə Rəfiq arasında nikah münasibətləri 2003-cü ildə, yəni  2001-ci ilin sentyabr ayının 1-dən sonra yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddəsi ilə tənzimlənir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün MM-nin 228.2-ci maddəsində qeyd edilən aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur:

1 mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması;

2 həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi;

3 istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.

Buradan isə belə nəticəyə gəlirik ki, keçmiş gəlinin keçmiş qaynanısının mülkiyyətinizdə olan evinə istifadə (yaşayış) hüququnun yaranması üçün yuxarıda göstərilən şərtlərin olması tələb edilir. Əgər həmin şərtlər və ya onlardan hər hansı biri mövcud deyilsə, onda belə bir hüququn yaranması mümkün deyil.

2009-cu il oktyabrın 1-dən sonra yaranmış münasibətlər:

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (hal-hazırda qüvvədə olan) 30.4-cü  maddəsinin tətbiq edildiyi hal

Sual 3: Cəmilə ilə Aydın 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin ildən Cəmilə qaynanası-Aytənin mülkiyyətində olan evdə öz həyat yoldaşı ilə yaşamağa başlamışdır. Cəmilə ilə Aydının nikahı 2015-ci ildə pozulmuşdur. Boşanmadan sonra gəlin Cəmilə qaynanasına məxsus evə yaşayış hüququ əldə etmək üçün məhkəməyə müraciət etmişdir. Bu halda gəlinin belə bir hüququ varmı?

Cavab: Cəmilə ilə Aydının arasında nikah münasibətləri 2010-cu ildə yarandığı üçün,  2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları ilə tənzimlənir.

Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Gəlin indi bu maddəni 3-cü misala tətbiq edək. Qanunun mənasından belə başa düşürük ki, Cəmilə ilə Aydın arasında nikah pozulmuşsa, hesab olunur ki, ailə münasibətlərinə xitam verilmişdir və gəlin qaynananın keçmiş ailə üzvü olduğundan onun istifadə hüququ saxlanmır. ANCAQ, keçmiş gəlinin başqa yaşayış sahəsi əldə etməyə imkanı, yəni gedəsi və qalası yeri olmadıqda, çıxılmaz vəziyyətdə qalarsa, bu zaman qaynanaya məxsus evə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsaslanaraq, “yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun tanınması” barədə iddia ilə məhkəməyə müraciət edə bilər.

Hazırladı: Vəkil Ləman Əhmədli

Əlaqə: 0506606824

İnformasiya hazırlanarkən istinad mənbə: “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul  2001-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı  və     “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair”  8 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarından istifadə olunmuşdur.