Aliment hansı gəlirlərdən tutulur?

Aliment hansı gəlirlərdən tutulur?

Aliment hansı gəlirlərdən tutulur?

Alimentin tutulduğu gəlir növləri

Aliment tələbləri ilə bağlı qərarların icrası zamanı aliment ödəməli şəxsi maraqlandıran suallardan biri də alimentin onun hansı gəlirindən tutulmasıdır. Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  23 may 2001-ci il tarixli 98 nömrəli qərarı vardır. Bu qərarda aliment tutulan, manat və xarici valyuta ilə əmək haqqının və başqa gəlirlərin növləri, həmçinin alimentin tutulmadığı ödəniş növləri müəyyən edilmişdir.

Uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əmək haqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur:

 1 Əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə (əvəzçilik də daxil edilməklə) ödənilə bilən əmək haqqından, o cümlədən:

  • pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşlarından, vaxtamuzd və işəmuzd qiymətlər və əməyin ödənilməsinin digər sistemləri üzrə əmək haqlarından;
  • pul və ya natura ilə əmək haqqına olan bütün növ əlavələrdən;
  • pul və natura ilə verilən mükafatlardan;
  • iş vaxtından artıq vaxtda görülən işə görə, habelə istirahət, səsvermə və iş günü hesab edilməyən bayram günlərində, eləcə də ümumxalq hüzn günündə görülən işə görə pul və ya natura ilə verilən əmək haqqından;
  • işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələrdən;
  • müvəqqəti əvəzetməyə görə ödəmədən;
  • qanunvericiliklə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan;
  • qanunvericiliklə məzuniyyət dövründə saxlanılan orta əmək haqqından, habelə əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul və ya natura ilə ödənilən pul əvəzindən;
  • xidmət illərinə görə işçiyə pul və ya natura ilə verilən birdəfəlik mükafatlardan;
  • il ərzində işin yekunlarına görə işçiyə pul və ya natura ilə verilən mükafatdan;
  • əmək müqaviləsinə xitam verilərkən ödənilən işdənçıxarma müavinətindən və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqından;
  • qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlardan, daimi xarakter daşıyan müəlliflik artist qonorarlarından və quruluş haqqından.

2 Qanunvericiliklə müəyyənləşdirilmiş digər gəlirlərdən, o cümlədən:

  • məcburi dövlət sosial sığorta ödəmələrinə aid edilən müavinətlərdən və sosial müavinətlərdən (dəfn üçün müavinət istisna olmaqla);
  • istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə əlaqədar əmək qabiliyyətini itirmiş şəxslərə dəymiş zərərə görə ödənilən ödənclərdən;
  • faktiki alınan pensiyadan;
  • ali və orta ixtisas məktəblərində və kurslarda oxuyan müddətdə alınan təqaüdlərdən;
  • aliment ödəyənin həyətyanı sahəsindən və yardımçı təsərrüfatından əldə etdiyi gəlirdəki payından;
  • işsizlikdən sığorta ödənişindən.

3 Aliment Fiziki şəxsin sahibkarlıq fəaliyyətindən, habelə ailə kəndli təsərrüfatından əldə etdiyi xalis gəlirdən də tutulur.

4 Mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələrdən aliment tutulur.

5 Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin qazancından aliment tutularkən bu qazancdan gəlir vergisinin, məcburi dövlət sosial sığorta haqqı və digər məcburi ödənişlərin tutulması Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 99-cu maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir.

6 Hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətindən olan şəxslərdən aliment vəzifə maaşından, hərbi rütbəyə görə verilən maaşdan, habelə vəzifə maaşına olan əlavələrdən və daimi xarakter daşıyan digər ödənclərdən tutulur.

7 Müddətli xidmət hərbi qulluqçularından aliment ümumi əsaslarla tutulur.

8 Yazıçılardan, bəstəkarlardan, rəssamlardan və digər yaradıcı işçilərdən aliment müəlliflik qonorarı məbləğlərindən, vəkillərdən vəkil qurumlarında və qanunvericiliklə müəyyən edilmiş digər qaydada işinə görə bütün növ qazanclarından tutulur.

Aliment aşağıdakılardan tutulmur:

  • yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdən (mükafatlar da daxil olmaqla);
  • əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortizasiyasına görə pul əvəzindən;
  • maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdən;
  • ezamiyyət ilə bağlı verilən ödəmələrdən, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələrdən, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələrdən;
  • ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyərindən və ya onların kompensasiyasından;
  • işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə profilaktika qidalarının dəyərindən;
  • qanunvericiliklə nəzərdə tutulmuş hallarda pulsuz qidaların (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəəti hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər) dəyərindən;
  • sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyərindən;
  • başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üçün ödənilən xərclərdən;
  • işəgötürən tərəfindən istehsalatdan ayrılmaqla ixtisasartırma kurslarına göndərilmiş işçilərə ödənilən təqaüdlərdən;
  • yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatlarından;
  • gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəsini qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələrin, idarələrin və təşkilatların hesabına ödənilən müavinətlərdən; elm, ədəbiyyat və incəsənət sahəsində mühüm işlərə görə verilən mükafatlardan;
  • ixtiralara və səmərələşdirici təkliflərə görə birdəfəlik mükafatlardan.
  • Hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətinə aid şəxslərdən hərbi qulluqdan və hüquq-mühafizə orqanlarından tərxis olunan zaman verilən işdənçıxarma və birdəfəlik müavinətlərdən, həmçinin daimi xarakter daşımayan pul təminatının digər növlərindən aliment tutulmur.

Aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

Müəllif: vəkil Ləman Əhmədli

Əlaqə: 0506606824

İstinad mənbə: "Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli qərarı