Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi

Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi

Məhkəmə sənədlərinin “rəsmi qaydada verilməsi” nə deməkdir, bunu necə başa düşə bilərik?

İlk öncə məhkəmə sənədlərinə hansı sənədlər daxildir, onu bilək. Məhkəmə sənədləri dedikdə, iddia ərizələri, qarşılıqlı iddia ərizələri, iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini, məhkəmə bildirişləri, birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları, iş üzrə icraatın qurtardığını göstərən qərardadlar, məhkəmə əmrləri, apellyasiya şikayətinin surətləri, kassasiya şikayətləri başa düşülür.

Birinci instansiya (ilkin) məhkəmə aktlarından (sənədlərindən) biri də qətnamədir. Hansı ki, işin mahiyyəti həlli zamanı birinci instansiya məhkəməsi tərəfindən çıxarılır. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi nədir və bu sənədlərin verilməsi (çatdırılması) qaydalarını elə qətnamə nümunəsi üzərindən izah edəcəm.

Aydın olması birinci instansiya məhkəmə qətnaməsinin qət etdi hissəsinin şəklini çəkmişəm. Şəkildə altından xətt çəkdiyim cümləyə diqqətinizi çəkmək istəyirəm:

İndi isə, gəlin baxaq “qətnamənin rəsmi qaydada verilməsi” nə deməkdir? Məhkəmə sənədlərinin çatdırılması və verilməsi qaydaları MPM-nin 135-ci maddəsində öz əksini tapmışdır.

Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə çatdırılması formaları:

1 Poçt vasitəsilə

2 Elektron qaydada                               

3 Məhkəmədə

  • Məhkəmə sənədlərinin poçt vasitəsilə verilməsi (çatdırılması)

Məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir.

Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.

Daha sadə dillə izah: Məhkəmə sənədləri poçt vasitəsilə verildikdə (çatdırıldıqda), poçtalyon qətnaməni yaşadığınız ünvana gətirir, siz (evdə olmadığınız halda yaxınınız) qətnaməni alırsınız və müvafiq qəbzi öz soyadınızı, adınızı və atanızın adını yazıb imzalayarsız. Həmin gün artıq qətnamə rəsmi qaydada verilmiş hesab edilir.

 Onu da qeyd edim ki, fikir vermisizsə, adətən məktubların üzərində ştamplar olur, həmin ştampda da qətnamənin verilməsi müddəti öz əksini tapır.

  • Məhkəmə sənədlərinin elektron qaydada verilməsi (çatdırılması)

“Elektron məhkəmə” informasiya sisteminin istifadəçilərin məhkəmə sənədləri onların “E-məhkəmə” informasiya sistemində yaradılmış “elektron-kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

Deməli, sizin məhkəmə işiniz üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin sizin e-kabinetinizdə yerləşdirildiyi gün artıq-“qətnamə rəsmi qaydada verilmiş sayılır”

  • Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

Bəzən, elə hallar olur ki, poçt vasitəsilə qətnaməni ala bilməmisiz, ya da elektron qaydada qətnaməni əldə etmək mümkün deyil. Bu zaman məhkəməyə gələrək həmin sənədləri məhkəmədən götürə bilərsiniz. Məhkəmədən işinizlə bağlı qətnaməni aldığınız gün-“qətnamə rəsmi qaydada verilmiş hesab edilir”. Qətnaməni sizə verilərkən məhkəmə işçisi tərəfindən müvafiq qəbzə imza etməyiniz tələb olunacaqdır.

Hazırladı: vəkil Əhmədli Ləman

Əlaqə: 0506606824

İstinad mənbə: Mülki Prosessual Məcəllə