Şans oyunları, mərclər və lotoreyalardan qazanılan vəsait ər-arvadın birgə mülkiyyəti sayılırmı?
Dünyanın hər yerində olduğu kimi ölkəmizdə də şans oyunları keçirilir. Lotoreyalar və idman mərc oyunları bunlara misal ola bilər. Bəs gəlin baxaq, ər-arvad arasında ümumi əmlakın bölünməsi zamanı şans oyunlarında qazanılan vəsait ər (arvad)-ın ümumi əmlakı sayılırmı?
Hansı əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır?
Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Birgə nikah dövründə şansa əsaslanan oyunlarda, mərclərdə və lotoreyalarda iştirak edərək qazanılmış pul (və ya digər əmlak) ər-arvadın birgə mülkiyyəti sayılırmı?
Birgə nikah dövründə şansa əsaslanan oyunlarda, mərclərdə və lotoreyalarda iştirak etmək üçün ödəniş edilmişdirsə, sərf olunmuş vəsaitin ailənin ümumi təsərrüfatından xərcləndiyi barədə prezumpsiyanın qüvvədə olması baxımından belə fəaliyyət nəticəsində əldə edilmiş aktivlər də ər-arvadın birgə mülkiyyəti hesab olunur.
Nəyə görə müxtəlif oyunlar, müsabiqələr, yarışmalar və sair oxşar tədbirlərdən əldə olunmuş vəsait ər-arvadın birgə mülkiyyəti hesab olunur?
Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən ərin (arvadın) intellektual fəaliyyəti nəticəsində, habelə nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və digər səylər nəticəsində əldə etdiyi gəlirlər ər-arvadın ümumi əmlakına daxil olduğundan müxtəlif oyunlar, müsabiqələr, yarışmalar və sair oxşar tədbirlərdən əldə olunmuş aktivlər də ər-arvadın birgə mülkiyyəti hesab olunur.
Daha sadə dillə desək, ər-arvad nikah dövründə ailə üçün çalışır və bu zaman ər-arvadın əldə etdiyi gəlirlər birgə mülkiyyət (ümumi əmlak) hesab edilir. Həmçinin lotoreyaların alınması və digər şans oyunlarında iştirak üçün sərf olunan vəsait də ailənin ümumi vəsaitindən xərclənir. Nəticədə həmin intellektual oyunlardan, lotereya və şans oyunlarından əldə edilən gəlirlər də ailənin ümumi əmlakı hesab edilir.
Hazırladı: Ləman Əhmədli vəkil
əlaqə: 0506606824
İstinad mənbə “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Q Ə R A R I “ 12 ” mart 2024-cü il № 1/2024